BAKI, 20 may. TELEQRAF
II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” matçı ilə bağlı ciddi qərarlar verilib.
Teleqraf xəbər verir ki, AFFA İntizam Komitəsi mayın 17-də keçirilən qarşılaşmada baş verən hadisələrə görə hər iki kluba cəza tətbiq edib.
“Kür-Araz” komandası təşkilati-texniki öhdəliklərin pozulmasına görə 100 manat, Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matçın gec başlamasına görə isə 200 manat cərimələnib.
Görüşün son dəqiqələrində yaşanan insidentlər daha ağır sanksiyalarla nəticələnib. Matçın 90+2-ci dəqiqəsində “Kür-Araz” azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsi səbəbindən komanda növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək.
Bundan başqa, oyunda təhlükəsizliyin tam təmin edilmədiyinə görə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Araz Saatlı” da cəzadan yayınmayıb. Komanda 90+1-ci dəqiqədə meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb və 2000 manat cərimələnib.
Futbolçulara da ağır cəzalar verilib. “Kür-Araz”ın futbolçuları Eltun Həsənli 8 oyun, Nihat Paşayev, Nicat Quliyev, İbrahim Əliyev və Museyib Vəlizadə isə hərəyə 5 oyunluq diskvalifikasiya olunublar. Bu qərarlara görə klub ümumilikdə 2200 manat cərimə edilib.
“Araz Saatlı”nın futbolçuları Ramiz Qasımov və Rüstəm Rüstəmov təcavüzkar davranışa görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəza alıblar. Klub hər iki futbolçuya görə ümumilikdə 900 manat cərimələnib.
Bundan əlavə, “Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədovun meydana daxil olaraq rəqib futbolçulara fiziki güc tətbiq etməsinə görə 8 oyunluq cəza verilib. Klub bu epizoda görə daha 800 manat cərimə edilib.