BAKI, 12 may. TELEQRAF

“Karyeramda çox kubok finalları olub. Buna görə bilirəm ki, çətin mərhələdir. Hər kəs kuboku əldə etmək istəyir. İstəyirəm ki, sabah meydanda ən yaxşı olan komanda qazansın”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun final görüşündən öncə baş tutan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını qeyd edib:

“Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Biz ardıcıl ikinci mövsümdür finaldayıq. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz “Zirə”ni də təbrik edirəm ki, finala qədər çıxıblar. Əlimizdən gələni edəcəyik. Hər kəsi tribunaya çağırıram.

Bu oyun mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün tarixi fürsətdir. Buna nail olsaq, klubun adını tarixə yazdıracağığ. Oyunda hər şey görə bilərik. Qarşılaşma penaltilərə də gedə bilər. Səmimi desəm, biz 11 metrlik cərimə zərbəsi üzərində işləməmişik. Amma oyunçularım hər oyundan sonra öz üzərində çalışırlar. Lazım gələrsə, kimə güvənəcəyimi bilirəm".

V. Dambrauskas üçüncü komandanın onlar üçün maraqlı olmadığını söyləyib: "Başqalarının taleyi bizi maraqlandırmır. Qalib gəlsək, öz azarkeşlərimizi sevindirəcəyik, məğlub olsaq onları üzəcəyik. Buna görə biz özümüzü fikirləşirik.

Bu rəqibə qarşı oyuna hazırlaşmaq çox çətindir. Düşünürəm, bizi çox böyük sürprizlər gözləmir. Oyunu kiçik detallar həll edəcək. Biz əvvəlki oyunlara necə hazırlaşmışıqsa, eyni şəkildə davam edəcəyik. Bizim üzərimizdə heç bir təzyiq yoxdur. İnanıram ki, istədiyimiz oyunu sərgiləsək, sevinən tərəf biz olacağıq.

Finalın çempionat bitmədən baş tutmasının mənim üçün önəmi yoxdur. Bu, təşkilatçılıqla məşğul olan quruma (PFL) hörmətsizlik olar. Düşünürəm, nələrisə nəzərə alaraq bu cür təqvim hazırlanıb. Bu ölkənin böyük futbol tarixi var. Mən kiməm ki, nəyinsə fərqli təşkil olunmasını, yaxud səhv olduğunu deyim".