BAKI, 13 yanvar. TELEQRAF

2026-cı il futbol dünyası üçün sürpriz istefalarla başlayıb.Yeni ilin ilk günləri futbol aləmində gözlənilməz ayrılıqlarla yadda qalıb. Avropanın və dünyanın aparıcı klubları mövsümə davam etsə də, nəticələrdən narazı qalaraq baş məşqçilərlə yollarını daha tez ayırmaq qərarları alıb. Dünyaca məşhur mütəxəssislərin bir çoxu uğursuz nəticələrə görə, digərləri isə kritik oyunlardakı məğlubiyyətlər səbəbindən postunu itirib.

Teleqraf 2026-cı ilin yanvarında işsiz olan məşhur mütəxəssislərin “Top 10” siyahısını təqdim edir.

1. Enso Mareska - Sonuncu iş yeri İngiltərənin “Çelsi” klubu olub. 46 yaşlı mütəxəssisin baş məşqçi postundan ayrılması tarixə düşüb. Mareska İngiltərə Premyer Liqasının (1992-ci ildən) yeni ilin ilk günü vəzifəsindən uzaqlaşdırılan ilk mütəxəssis olub. Mareska 18 ay işlədiyi müddətdə "zadəganlar" 2024/2025 mövsümündə Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.

2. Xabi Alonso - İspaniyalı mütəxəssisin yanvarın 12-də “Real Madrid”dən göndərilməsi həm gözlənilən, həm də tələsik qərar kimi qiymətləndirilib. O, 2025-ci ilin yayında Karlo Ançelottini əvəzləyərək “kral klubu”nun "sükanı arxası"na keçmişdi. Alonsonun istefasına əsas səbəb İspaniya Superkubokunun finalında Ciddədə keçirilən “El Klasiko”da “Barselona”ya 2:3 hesablı məğlubiyyət olub.

3. Ruben Amorim - Portuqaliyalı mütəxəssis yanvarın 5-də postundan ayrılıb. Onun 14 aylıq fəaliyyəti müddətində yeganə uğuru çalışdırdığı "Mançester Yunayted"i 2024-ci ilin mayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarmaq olmuşdu.

4. Xavi

2024-cü ilin mayında “Barselona”dan ayrılan mütəxəssis hələ də işsizdir. 2021–2024-cü illərdə Kataloniya klubuna rəhbərlik edən 46 yaşlı çalışdırıcı La Liqa və İspaniya Superkubokunu qazanıb. Adı müxtəlif klublarla hallansa da, rəsmi heç nə yoxdur.

5. Zinəddin Zidan

2021-ci ildə “Real Madrid”dən ayrılıb. 2019–2021-ci illərdə “kral klubu”na rəhbərlik edən Zidan daha əvvəl 2016–2018-ci illərdə də Madrid təmsilçisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında “Real Madrid” 3 dəfə Çempionlar Liqasını, 2 dəfə La Liqanı qazanıb. Zidanın adı son dövrlər Fransa millisi ilə hallanır və 2026-cı il dünya çempionatına qədər yığmanın başına keçə biləcəyi iddia olunur.

6. Yurgen Klopp

Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin yayına qədər “Liverpul”u çalışdırırb. 58 yaşlı mütəxəssis 9 il ərzində qazandığı titullarla “qırmızılar”ın tarixinə adını yazdıran ən uğurlu məşqçilərdən biridir. Klopp "Liverpul"u 30 illik Premyer Liqa həsrətinə son qoyaraq 2019/2020 mövsümündə çempionluq, 2019-cu ildı UEFA Çempionlar Liqasını, UEFA Superkuboku (2019), FIFA Klublararası Dünya Çempionatı (2019), FA Kuboku (2022), titullarını qazanıb. Hazırda Yurgen Klopp “Red Bull” şirkətinin beynəlxalq futbol bölməsinin rəhbəri vəzifəsində çalışır.

7. Fatih Terim

Türkiyəli mütəxəssisin sonuncu iş yeri 2024-cü ilin dekabrından 2025-ci ilin yayına qədər Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu olub. 72 yaşlı çalışdırıcı daha çox “Qalatasaray”dakı uğurlu fəaliyyəti ilə tanınır. Klubun başında dörd fərqli dövrdə (1996–2000, 2002–2004, 2011–2013, 2017–2021) çalışan Terim “sarı-qırmızılılar”la ümumilikdə 20 kubok qazanıb. Onun rəhbərliyi altında “Qalatasaray” UEFA Kubokunu qazanaraq Türk futbolu tarixində Avropadakı ilk böyük uğura imza atıb.

8. Loran Blan

2024-cü ilin yayından 2025-ci ilin yayına qədər Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışıb. 60 yaşlı mütəxəssis daha əvvəl Fransanın “Lion”, PSJ, “Bordo”, Qətərin “Ər-Rayyan” klublarını, həmçinin Fransa millisinin baş məşqçisi olub.

9. Qaret Sautqeyt

2024-cü ilin yayında İngiltərə millisindən ayrılıb. 2016-cı ildən yığmaya rəhbərlik edən 56 yaşlı mütəxəssis komandanı dünya çempionatlarında iki dəfə yarımfinala (2018, 2022), Avropa çempionatlarında isə iki dəfə finala (2020, 2024) çıxarıb.

10. Yoahim Löv

2006–2021-ci illərdə Almaniya millisinin baş məşqçisi olub. 65 yaşlı mütəxəssis 2014-cü il dünya çempionatında Almaniya yığmasına qızıl medal qazandırıb.