BAKI, 13 noyabr. TELEQRAF
Futbol üzrə Azərbaycan yığması bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiyanı qəbul edəcək.
Teleqraf xəbər verir ki, Azərbaycan və İslandiya milliləri tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Komandaların ilk dueli 2008-ci ilə təsadüf edib. Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hesabı 48-ci dəqiqədə millimizin heyətindən Fabio Luis Rami açıb. Meydan sahibləri isə 10 dəqiqə sonra bərabərlik topunu vurublar.
Düz 17 il sonra — yəni bu il — komandalar eyni arenada ikinci dəfə qarşılaşıblar. Budəfəki matç rəsmi xarakter daşıyıb. Sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki oyunda meydan sahibləri 5 cavabsız qolla qələbə qazanıblar. Məhz həmin matçdan sonra Fernandu Santuşla yollar ayrılıb və millimizin baş məşqçi postu Ayxan Abbasova tapşırılıb.