BAKI, 29 sentyabr. TELEQRAF
“Qəbələ” klubunun futbolçusu Şahin Şahniyarov Teleqraf-a müsahibə verib.
20 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edirik:
- “Qəbələ” Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlubiyyətə uğradı. Komandanız birinci dəqiqədə qırmızı vərəqə alaraq 10 nəfərlə mübarizə aparmalı oldu. Məğlubiyyəti necə şərh edərdiniz?
– Hamı “Qarabağ”ın gücünə bələddir. Biz oyuna yaxşı hazırlaşmışdıq. Onların həm güclü, həm də zəif tərəflərini analiz etmişdik. Amma şanssızlıq oldu, ilk dəqiqədə aldığımız qırmızı vərəqə oyuna ciddi təsir etdi.
- Rəqiblər “Qəbələ”nin yaxşı oynadığını desələr də, nəticələr ürəkaçan deyil. Buna səbəb nədir?
– Ötən tur “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdik. “Qarabağ” isə Çempionlar Liqasında çıxış edən komandadır. Onlara 0:2 hesabı ilə uduzmağımız uğursuz nəticə sayılmamalıdır. Çünki ilk dəqiqədən azlıqda qalmaq və “Qarabağ” kimi komanda ilə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məncə, layiqli oyun göstərdik. Zaman keçdikcə daha yaxşı nəticələr də gələcək.
- “Qarabağ” sizə qarşı əsas heyətlə meydana çıxmışdı. Bu, əlavə çətinlik yaratdı?
– “Qarabağ” doğrudan da ayrı “level”dir. Onlar artıq Azərbaycan çempionatının üzərindən keçmiş səviyyəyədədirlər.
- UEFA Çempionlar Liqasının II turunda “Kopenhagen”lə oyunda “köhlən atlar”ın şanslarını necə görürsünüz?
– Məncə, bütün şanslar “Qarabağ”ın tərəfindədir. Onların qalib gələcəyini düşünürəm.
- Baş məşqçiniz Kaxaber Sxadadze fasilədə sizə hansısa motivasiya verdi?
– “Qarabağ” kimi komandaya qarşı oynamaq özü böyük motivasiyadır. Hər kəs özünü göstərmək, sübut etmək istəyir. Baş məşqçi bizə dedi ki, azlıqda qalsaq belə, sona qədər mübarizəni dayandırmamalıyıq.
- Öz performansınızı necə dəyərləndirirsiniz?
– Bu barədə dəqiq fikir demək istəmirəm. Yaxşı oynadığımı desəm, təkəbbür kimi, pis desəm, başqa nəticə çıxar. Məncə, bunu ətrafdakıların deməsi daha doğru olar.
- Millinin qarşıda DÇ-2026-nın seçmə mərhələsində Fransa və Ukrayna oyunları yaxınlaşır. Ötən toplanışa dəvət almışdınız. Lakin İslandiyaya qarşı oynasanız da, Ukrayna ilə matçdan öncə Ayxan Abbasov sizi U-21 millisinin heyətinə cəlb etdi. Bu dəfə əsas yığmaya çağırılacağınızı gözləyirsiniz?
– Hazırda baş məşqçinin kimliyi rəsmən açıqlanmayıb. Amma inanıram ki, yenidən dəvət olunacağam.
- Fernandu Santuşun istefasını ictimaiyyət gecikmiş qərar sayırdı. Millidə debütünüz onun rəhbərliyi altında baş tutdu. Baş məşqçiliyi barədə nə deyə bilərsiniz?
– Mən Santuş haqqında pis söz deyə bilmərəm. Çünki hər adam I Liqadan oyunçunu milliyə çağırmazdı, amma o, mənə güvənib dəvət göndərdi. Yaddaşımda hər zaman yaxşı insan və məşqçi kimi qalacaq.
- Deməli, onun uğursuzluğu Azərbaycana uyğunlaşmaması ilə bağlı idi?
– Bəli, məncə, ölkəmizə Azərbaycan mentalitetini yaxşı bilən məşqçi daha uyğundur. Çünki əcnəbi mütəxəssislər buradakı fərqli mühitə uyğunlaşmaqda çətinlik çəkirlər.
- Yığmanın Ayxan Abbasova həvalə olunacağı barədə xəbərlər yayılır. Sizcə, onun rəhbərlik etdiyi milli komanda qısa müddətdə nəticə verə bilər ?
– Ukrayna ilə oyunda məni U-21 yığmasına çağırmışdılar, orada da söhbətləri Ayxan müəllim aparırdı. Hiss olunurdu ki, futbolçulara necə motivasiya vermək lazım olduğunu yaxşı bilir. Məncə, onun əsas üstünlüyü də budur.
- “Qəbələ” akademiyasının yetirməsi olaraq əsas komandaya yüksələn futbolçusunuz. Akademiyanın indiki durumu ilə bağlı nə deyə bilərsiniz?
– “Qəbələ” akademiyası təkcə klub üçün yox, ümumiyyətlə Azərbaycan futbolu üçün çox önəmli idi. Hazırda Premyer Liqada çıxış edən çox futbolçu məhz orada yetişib. Belə akademiyanın fəaliyyətinin məhdudlaşması yalnız “Qəbələ”yə deyil, bütün ölkə futboluna mənfi təsir edəcək.
- Gənc futbolçu olaraq əsas hədəfiniz nədir?
– Əsas hədəfim Avropada, xüsusən də Top-5 liqalarda oynamaqdır.
- Hansı ölkədə oynamağı arzulayardınız?
– Ən çox İngiltərədə oynamaq istəyərdim.
- Kumiriniz hansı futbolçudur?
– Kumirim deməzdim, amma məni futbola bağlayan Lionel Messidir. Ən sevdiyim futbolçu odur.
- Qurban Qurbanov mətbuat konfransında barənizdə çox məsuliyyətli mövqedə oynadığını və bu cür oyunçuların hər birini daim izlədiklərini bildirdi. “Qarabağ”dan təklif almaq istəyərsinizmi?
– Qurban müəllimə təşəkkürümü bildirirəm. Çalışıram maksimum dərəcədə üzərimdə işləyim və komandam üçün faydalı olum. Əlbəttə, əsas məqsədim xaricdə çıxış etməkdir. Amma bu futboldur, gələcəyi bilmək olmaz. Təklifə gəlincə, beləsinə də “yox” demək olmaz.