BAKI. 8 iyul. TELEQRAF

Azərbaycan və Özbəkistan 20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatına birgə namizədlik istəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, belə bir istək ilk dəfə iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra mətbuata bəyanatlarında səsləndirilib.

Prezident İlham Əliyev Özbəkistan millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması, həmkarı Şavkat Mirziyoyev isə Azərbaycan minifutbol yığmasının dünya çempionu olması münasibətilə təbriklərini çatdırıb.

Daha sonra Mirziyoyev deyib: "Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq".

Bundan cəmi 5 gün sonra - iulun 7-də AFFA və Özbəkistan Futbol Assosiasiyası birgə açıqlama ilə çıxış edib: "Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək, 20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər".

İndiyədək Azərbaycanda AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı təşkil olunub. Özbəkistan isə 20 və 23 yaşadək futbolçular arasında Asiya turnirləri, eləcə də futzal üzrə dünya çempionatına Mərkəzi Asiyada ilk dəfə ev sahibliyi edib.

***

20 yaşadək futbolçular arasında dünya çempionatı 1977-ci ildən keçirilməyə başlayır. Hər iki ildən bir təşkil olunan mundial bu il 24-cü dəfə baş tutacaq. Yalnız 2021-ci ildə İndoneziyada nəzərdə tutulan yarış əvvəlcə pandemiya səbəbindən 2023-cü ilə təxirə salınıb, daha sonra İsrail yığmasının iştirakı əleyhinə etirazlar üzündən Argentinaya verilib. Bu il isə nüfuzlu turnir 27 sentyabr - 19 oktyabrda Çilidə olacaq.

İlk 10 mundialda 16 ölkə iştirak edib. 1997-ci ildən dünya çempionatında komanda sayı 24-ə çatdırılıb. Builki yarışa ölkələrdən Çili təşkilatçı kimi birbaşa qatılacaq. Qalan 23 ölkənin bölgüsü belə aparılıb:

Asiya çempionatı: Avstraliya (qalib), Səudiyyə Ərəbistanı (finalçı), Cənubi Koreya (yarımfinalçı), Yaponiya (yarımfinalçı);

Afrika çempionatı: CAR (qalib), Mərakeş (finalçı), Nigeriya (yarımfinalçı), Misir (yarımfinalçı);

Şimali və Mərkəzi Amerika çempionatı: Meksika (qalib), ABŞ (finalçı), Panama (yarımfinalçı), Kuba (yarımfinalçı);

Cənubi Amerika çempionatı: Braziliya (qalib), Argentina (finalçı), Kolumbiya (3-cü yer), Paraqvay (4-cü yer)

Okeaniya çempionatı: Yeni Zelandiya (qalib), Yeni Kaledoniya (finalçı)

Avropa çempionatı (U-19): İspaniya (qalib), Fransa (finalçı), İtaliya (yarımfinalçı), Ukrayna (yarımfinalçı), Norveç (5-ci yer)

***

Azərbaycan və Özbəkistan təşkilatçılıq hüququna yiyələnsə, seçmə mərhələlərdə 22 vəsiqə uğrunda mübarizə gedəcək. Amma Azərbaycan ikinci dəfə mundiala ev sahibliyi etmiş olacaq. 1985-ci ildə U-20 dünya çempionatı keçmiş SSRİ-də təşkil olunub. Həmin vaxt Özbəkistan təşkilatçı respublikalar sırasında olmasa da, Azərbaycan Tofiq Bəhramov adına Respublika stadionu və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu komandaların ixtiyarına verib.

Respublika stadionunda D qrupunun 5, 1/4 final mərhələsinin 1 oyunu olub. Qrup mərhələsinin İngiltərə - Paraqvay (2:2) matçını 40 min, Çin - Meksika (1:3) görüşünü 30 min, İngiltərə - Çin (0:2) və İngiltərə - Meksika (0:1) qarşılaşmalarını 12 min, Paraqvay - Meksika (0:2) oyununu 7 min tamaşaçı izləyib. Sumqayıtda baş tutmuş Paraqvay - Çin (1:2) görüşündə isə 15 min 500 tamaşaçı qeydə alınıb.

1/4 finalın Meksika - Nigeriya (1:2) görüşündə 20 min tamaşaçı iştirak edib.

24 komandanın qatıldığı dünya çempionatının qalibi adını finalda İspaniyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən Braziliya qazanıb.

Bu, Avropa qitəsində keçirilmiş ilk U-20 dünya çempionatı kimi tarixə düşüb. Elə SSRİ-nin özü kimi...

***

Sonradan bu mundial Avropa qitəsində Portuqaliya (1991), Niderland (2005), Türkiyə (2013) və Polşada (2019) təşkil olunub. Əvəzində Asiyadan Yaponiya (1979), Səudiyyə Ərəbistanı (1989), Qətər (1995), Malayziya (1997), BƏƏ (2003) və Cənubi Koreya (2017) dünya çempionatlarına ev sahibliyi edib.

Göründüyü kimi, türkdilli müstəqil ölkə kimi ilk dəfə Türkiyə bu yarışı təşkil edib. Amma ondan əvvəl SSRİ tərkibində ikən, eləcə də müstəqil ölkə kimi Azərbaycan təşkilatçılıq qabiliyyətini nümayiş etdirib. Özbəkistan isə son illər futbolda əldə etdiyi nailiyyətlər, xüsusən, əsas yığma səviyyəsində 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqla, iddiasını ortaya qoya bilər.

Son dünya çempionatlarına nəzər saldıqda oyunları keçirmək üçün cəmi 4 stadionun kifayət etdiyini görmək olar. Elə bu il Çilidə təşkil olunacaq mundialın oyunları üçün Santyaqo, Rankaqua, Valparaiso və Talka şəhərlərindəki stadionlar ayrılıb. Azərbaycan və Özbəkistan arasındakı ən azı 2 saatlıq uçuş məsafəsini nəzərə alaraq, stadion sayında artımın olacağı güman edilir.

Təbii ki, birgə namizədlik qalib gəlsə...

Qərar isə bu ilin sonunadək qəbul olunacaq.