BAKI, 24 dekabr. TELEQRAF

Günəşin göy sferindəki illik zahiri hərəkəti Yerin Günəş ətrafında dolanmasının nəticəsidir. Günəşin bu hərəkət zamanı cızdığı xəyali yol ekliptika adlanır. Ekliptika üzərində dörd əsas nöqtə seçilir: yaz və payız bərabərliyi, yay və qış günəşduruşu. Yer Günəş ətrafında hərəkət edərkən Günəşin bu nöqtələrdən keçdiyi an fəsillərin astronomik başlandığı vaxtı göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb

Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır. 2026-cı ildə yaz fəsli Azərbaycana 20 mart 18:46-da daxil olacaq.

Yay günəşduruşu zamanı Şimal yarımkürəsi Günəşə maksimum yönəlir. Qütblərə yaxınlaşdıqca gündüz-gecə fərqi artır: Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim enliklərdə gündüz 15s 03d 24san, gecə isə 08s 56d 36san davam edir. Bu andan etibarən Şimalda yay, Cənubda qış fəsli başlayır. 2026-cı ildə yay fəsli Azərbaycana 21 iyun 12:24-də daxil olacaq.

Payız bərabərliyi günü Günəş şüaları yenidən ekvatora düz bucaq altında düşür və gecə-gündüz yenə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Şimaldan Cənuba keçir və Şimalda payız, Cənubda yaz fəsli başlayır. 2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr 04:05-də daxil olacaq.

Qış günəşduruşu zamanı Cənub yarımkürəsi Günəşə maksimum yönəlir və Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enliklərdə gündüz 09s 17d 23san, gecə isə 14s 42d 37san davam edir. Bu andan etibarən Şimalda qış, Cənubda yay fəsli başlayır. 2026-cı ildə qış fəsli Azərbaycana 22 dekabr 00:50-də daxil olacaq.

Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Yer elliptik orbitlə hərəkət etdiyinə görə bu məsafə il ərzində dəyişir. Orbitin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Bu fərq nəticəsində Şimal yarımkürəsində fəsillərin gedişi müəyyən qədər yumşalır. 2026-cı ildə Yer perihelidən 3 yanvar 21:15-də (147 099 894 km), afelidən isə 6 iyul 21:30-da (152 087 774 km) keçəcək.