Ötən yazımızda Türkiyədə Azərbaycan musiqisinin ən önəmli ifaçılarından olan Nəsrin Sipahidən bəhs etdik. Budəfəki yazımızda xalq və bəstəkar mahnılarımıza diqqət göstərən, repertuarına daxil edən digər türk sənətkarlardan söz açacağıq.
Necla Akben
Türkiyədə Azərbaycan mahnılarını ifa edən Necla Akben Mardin şəhərində müəllim ailəsində doğulub. Atası Osman bəy və anası Rəmziyyə xanım həmin vaxt bu şəhərdə müəllimlik fəaliyyəti göstərirdi, Necla xanım ibtidai məktəbə də onların yanında gedib. Ailəsinin Kütahya şəhərinə təyinindən sonra orta məktəbi oradakı liseydə, daha sonra eyni səbəbdən İstanbuldakı Bakırköy liseyində oxuyub. 1965-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə daxil olub. Bu illərdə TRT-nin müsabiqəsinə qatılıb, qalib on nəfərdən biri olub. Türk xalq musiqinin dərinliyinə vaqif olan Akben Azərbaycan əsilli müəllimlərindən Məhərrəm Erginin istiqamətləndirməsi ilə Azərbaycan xalq mahnılarına yönəlib. Amma Necla xanımın ata tərəfdən soyu Kərkükə, ana tərəfdən də Qafqaza söykənir. Bu baxımdan onun mahnılarımıza olan sevgisi həm də təbiidir.
Xeyli çalışmalardan sonra 1969-cu ildə Necla xanım TRT-nin ştatlı sənətçilərindən olub. Sivas bölgəsinin türkülərini ifa edən Akben bu illərdə universitetdən də məzun olub, fakültə yoldaşı Halim bəylə 1970-ci ildə ailə həyatı qurub. Həyat yoldaşı ilə birlikdə təsis etdikləri Akben hüquq firmasında birlikdə vəkillik fəaliyyəti ilə məşğul olublar. Eyni zamanda musiqi sənətini davam etdirən Necla xanım məşhur İzmir konsertlərində yer alıb, İstanbulun tanınmış məkanlarında səhnəyə çıxıb. Həmçinin bu dövrdə müxtəlif plastinkaları, kasetləri işıq üzü görüb. Bir müddət siyasətə də maraq göstərən Akben Anavatan Partiyasının sədri Məsud Yılmazın istəyi ilə seçkilərə qatılıb. 1991 və 1995-ci illərdə İstanbul və Ədirnədən millət vəkilliyinə namizəd olsa da, seçilməyib. Həmçinin rəssamlığa marağı olan Akben 1998-ci ildən etibarən yağlı boya tablolar çəkib. 2012-ci ildə Taksim Metro Sənət Qalereyasında sərgisi də baş tutub. Akben həmçinin şeir kitabının müəllifidir.
Şəxsi arxivimizdə Akbenin “Azəri dünyasından” adlı bir musiqi albomu mövcuddur. Həmin albomda Necla xanım “Ruhiyyə”, “Toy axşamı”, “Dəli ceyran”, “Leylican”, “Qaragilə”, “Azərbaycan maralı”, “Sənsiz yaşaya bilmərəm”, “İnsaf da yaxşı şeydir”, “Bu dağda maral gəzər”, “Sudan gələn sürməli qız” və s. mahnıları ifa edib.
O həmçinin digər albomlarında “Yandırdın qəlbimi”, “Daşlı qala”, “Ay saçı burma” kimi mahnıları da oxuyub.
Nəsrin Sipahi və Necla Akben hazırda həyatdadırlar, musiqi fəaliyyətləri ilə məşğul olurlar.
Kamuran Akkor
Türkiyədə Rəşid Behbudovun “Reyhan” və “Lalələr” mahnısını oxuyan sənətkarlardan biri də Kamuran Akkor olub. Kamuran xanım 1947-ci ildə İstanbulda doğulub. Atası gömrük işçisi, anası müəllim olub. 1967-ci ildən etibarən tanınmağa başlayıb. Klassik türk musiqisi ifaçısı kimi tanınıb, bir müddət teatrda da özünü göstərib.
Esin Afşar
Nəsrin Sipahi kimi Sovet dövründə Azərbaycanda konsert verən türk sənətçilərindən Esin Afşar 1936-cı ildə İtaliyanın Bari şəhərində doğulub. Çünki atası Nüzhet Haşim Sinanoğlu həmin vaxt Baş konsul olaraq çalışırdı. Afşar Ankara Dövlət Konservatoriyasının pianino ixtisasından məzun olub, Leyla Gencer kimi tanınmış musiqişünaslardan dərs alıb. 1940-cı illərdə dövlət teatrında 12 il aktrisa kimi çalışıb. Dünyanın bir çox bölgəsində konsert verən Esin xanım 2011-ci ildə vəfat edib. 1995-ci ildə işıq üzü görən xatirə kitabında o, Sovet Azərbaycanında verdiyi konsert proqramından bəhs edib. Afşar 1972-ci ildə çıxdığı SSRİ qastrolunda Moskva, Frunze (indiki Bişkek), Aşqabad, Daşkənd, Düşənbə şəhərlərindən sonra Bakıya gəlib. Bakı ilə bağlı xatirələrində ilk qeyd 18 sentyabr 1972-ci ilə aiddir: “Bu sabah erkəndən Bakıya hərəkət edirik. “Kirov” təpəsinə çıxıb buradan işıqlar içində Bakı və Xəzər dənizini seyr edirik... Kirovun heykəli böyükdür. Bakı üçün çox xeyri olmuş bir rus vətəndaşı imiş”. Təbii ki, Esin xanım bu qeydləri yazanda Kirovun Azərbaycan xalqının qatillərindən biri olduğunu bilmirdi. 19 sentyabr 1972-ci ildə Esin xanım dirijor Niyazinin idarə etdiyi konsertin məşqini dinləyib, bu barədə qeydində yazıb: “Məşqdən sonra Niyazi bəylə görüşdük. Bu yaxınlarda 8 aylıq Türkiyəyə gedəcəkmiş. Adnan Sayqunun “Koroğlu” operasını və bir neçə operanı idarə edəcəkmiş. Bakıda da bir “Koroğlu” operası afişasını gördük. O da Niyazi bəyin əmisi olan Üzeyir Hacıbəyovun bəstələdiyi bir opera imiş”.
Bakıda verdiyi konsertdə xalq artisti Zeynəb Xanlarova da iştirak edib. Afşar bu barədə qeydində bildirib: “İlk konsertimizə azərbaycanlıların ən məşhur sənətçisi, bizdə də çox yaxşı tanınan Zeynəb Xanlarova gəldi. Otağıma gəldiyi zaman Türkiyədə konsertdə olarkən mənimlə tanış olmaq istədiyini, lakin həmin vaxt xaricdə olduğum üçün qismət olmadığını dedi”. Esin xanım Bakıda olarkən Niyazi ilə yanaşı Vaqif Mustafazadə, Qaya qrupunun üzvləri, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid Behbudov, Polad Bülbüloğlu ilə tanış olub, onların ifalarını dinləyib. O, eyni zamanda Tahir Salahovla da tanış olub. Şəxsi arxivimizdə Esin Afşarın Bakı səyahəti ilə bağlı dörd fotoşəkil mövcuddur.
Sonrakı illərdə Türkiyədə Azərbaycan musiqisini Huşəng Azəroğlu, Cavid Təbrizli kimi Güney Azərbaycandan gələn sənətçilər gündəmdə saxlayıblar. Eləcə də Qars bölgəsindən olan Azərbaycan kökənli yerli musiqiçilər xalq musiqimizi günümüzü qədər yaşadıblar. Necla Akbenin ifasından “Qaragilə”, Esin Afşarın ifasından “Nazəndə sevgilim” mahnılarını təqdim edirik: