BAKI. 23 aprel. TELEQRAF

AFFA U-15 Liqasının "Şamaxı" - "Metak" oyununda kütləvi dava baş verib.

Teleqraf-ın məlumatına görə, Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşmada münaqişəyə matçın sonlarında meydan sahiblərinin qapısına baş hakim Vüqar Alıyevin təyin etdiyi penalti səbəb olub.

Qonaq komanda penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib - 2:2.

Bundan sonra tərəflər bir-biriləri ilə dalaşmağa başlayıblar.

AFFA İntizam Komitəsi hadisə ilə əlaqədar cəza tədbirləri görüb.

Meydan sahiblərindən Fərid Ağasarılı, qonaq komandadan Əli Şıxnəbiyev təhqirlərdən istifadəyə görə hərəyə 3 oyunluq cəzalandırılıb.

"Şamaxı"dan Ömər Qocalı və Hüseyn Hüseynov, "Metak"dan isə Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Onların hər birinə 4 oyunluq cəza kəsilib.

Dava zamanı "Şamaxı"nın baş məşqçisi Tərlan İsgəndərov və komandanın rəsmisi Amil Mənsimov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Onların hər biri 5 oyun cəzalandırılıb.

"Şamaxı" komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq "Metak"ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib, müstəsna hal olaraq 500 manat cərimə edilib.

Şamaxı komandası növbəti ev oyununu azarkeşsiz keçirəcək.