BAKI, 22 aprel. TELEQRAF

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı bugünkü iclasında “Zirə” klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayətə baxıb.

Teleqraf-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Tribunal apellyasiya şikayətini qismən təmin edib.

Cəlilov AFFA U-17 Liqasında "Qarabağ"a qarşı oyunun 79-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi onu 3 oyunluq cəzalandırıb. Apellyasiya Arbitraj Tribunalı qərarı dəyişdirərək 3 oyunluq cəzanın 2 oyununun şərti tətbiq edilməsini məqsədəuyğun sayıb.

Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub. Sınaq müddəti 16 apreldən hesablanmağa başlayacaq.

Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.