BAKI, 21 aprel. TELEQRAF

“AFFA-nın Strategiya planından sonra başa düşdük və qərara gəldik ki, Tovuz şəhər stadionunu daxili imkanlarımız hesabına yeniləyək”.

Teleqraf xəbər verir ki, bu sözləri “Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılışından sonra jurnalistlərə açıqlamasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, yaxın gələcəkdə Tovuz şəhər stadionunun süni ot örtüyündən təbiiyə keçməsini planlaşdırdıqlarını bildirib: “Bu işlər şəxsi vəsaitimiz hesabına baş tutacaq. Çox vaxtımız yoxdur. AFFA-nın görəcəyi işlər çoxdur. Əvvəllər milli assosiasiyaya belə müraciətimiz olmuşdu. Lakin sonradan qərara aldıq ki, bütün işləri öz imkanlarımız hesabına reallaşdıraq”.

Qeyd edək ki, “Turan Tovuz” iki dəfə AFFA-dan stadionun dəyişdirilməsi üçün maddi dəstək istəsə də, federasiya heç birinə müsbət cavab verməmişdi.