BAKI. 19 aprel. TELEQRAF

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Neftçi" arasında Azərbaycan Premyer Liqasının XXXI tur matçı keçiriləcək.

Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə, sona 5 tur qalmış 12 qat çempionluğunu bayram edəcək.

Görüş öncəsi Teleqraf Azərbaycan idmanının məşhur simalarının proqnozlarını öyrənib:

Firdovsi Umuudov (Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti): "Neftçi" də, "Qarabağ" da özümüzündür. Mən hər ikisinin azarkeşiyəm. Bu gün "Neftçi" flaqmandır, "Qarabağ" isə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir. Hesab təxminim isə 3:1 "Qarabağ"ın xeyrinədir".

Kamil Zeynallı (fitnes məşqçisi): "Futbola münasibətim çox gözəldir, futbolu sevirəm, özüm "Qalasaray" azarkeşiyəm. Azərbaycan klublarından "Neftçi"nin pərəstişkarıyam. Bu gün başqa işlərim olduğundan, "Qarabağ"la matçı izləyə bilməyəcəyəm. Hazırda "Qarabağ" güclüdür, "Neftçi" isə əvvəlki deyil. İnanıram ki, gələn il yaxşı çıxış edəcək, güclü olacaq və qələbə qazanacaq. Futbolda hər şey ola bilər. Hesab təxminim isə heç-heçədir".

Rafael Ağayev (karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu): "Stadionda olmayacağam, açığı, xəbərim yox idi. Amma imkan düşdükcə oyunlara gedirəm. "Qarabağ" və "Sumqayıt"ın qarşılaşmalarını stadiondan canlı izləyirəm. Hazırda "Neftçi" 6-cı, "Qarabağ" isə 1-ci pillədədir. Ona görə də oyun 3:1 "Qarabağ"ın xeyrinə bitəcək".

Hacı Əliyev (sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu): "Hər iki komandaya uğurlar arzulayıram. Çoxları bilir ki, mən uzun illərdir "Neftçi" İdman Klubunun üzvüyəm. Amma "Qarabağ" da bizim dəyərli komandalarımızdan biridir. Məncə, hava günəşli olduğuna görə hesab heç-heçə olacaq. Gün oyunçularımızı bir qədər çaşdıracaq (gülür - red.). Hesab elə heç-heçə olsun ki, hər zaman dostluq qalib gəlsin. Fürsətdən istifadə edərək, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm ki, vacib oyundan əvvəl biznes obyektimin açılışına gəldi, bizə dəstək oldu. Bu, hər bir idmançı və məşqçinin bacarmadığı şeylərdən biridir. Ona uğurlar arzulayıram. O, qardaşlığını, sadə və gözəl insan olmağını hər kəsə göstərdi, sübut etdi".


Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.