BAKI. 18 aprel. TELEQRAF
"Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük".
Teleqraf-ın məlumatına görə, bunu "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçi Kurban Berdıyevin cəzası səbəbindən jurnalistlər önünə çıxan Hüseynov iki xal itirdiklərini bildirib: "Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik".
Təcrübəli mütəxəssis risk etmək istəmədiklərini söyləyib: "Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. "Va bank" da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik".
Məşqçi futbolçulardan Joarlem Batistanın məşqdə zədələnməsi səbəbindən oynamadığını diqqətə çatdırıb: "Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tam başqa cür olacaq".
Qeyd edək ki, hazırda "Turan Tovuz" 48 xalla 4-cü pillədə qərarlaşıb.