BAKI, 17 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.
Teleqraf xəbər verir ki, gecənin maraqla gözlənən oyunlarından biri İspaniyada “Real Madrid” və İngiltərə “Arsenal”ı arasında keçirilib.
Görüş 1:2 hesablı ilə yekunlaşıb. 13-cü dəqiqədə penaltidən yararlana bilməyən Bukayo Saka 65-ci dəqiqədə hesabı açıb. Bundan cəmi 2 dəqiqə sonra Vinisius Junior bərabərlik qolunu vurub. "Arsenal"ı qələbəyə daşıyan qola son dəqiqələrdə Qabriel Martinelli imza atıb.
Üstəlik, komandanın hücumçusu Kilian Mbappe 75-ci dəqiqədə zədələnərək, əvəzlənib.
Beləliklə, "Arsenal" ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda yarımfinala yüksəlib. Rəqib isə Fransa PSJ-si olacaq.
Digər matçda “İnter” İtaliyada Almaniya “Bavariya”sı ilə üz-üzə gəlib. Bu matçda da qollar ikinci hissədə vurulub.
52-ci dəqiqədə Harri Keyn Münhen komandasını hesabda irəli çıxarıb. 58-ci dəqiqə Lautaro Martines bərabərlik qolunu vurub, bundan 3 dəqiqə sonra isə Benjamen Pavar "İnter"in ikinci qolunu vurub. Bununla belə, "Bavariya" 76-cı dəqiqədə Erik Dayerin dəqiq zərbəsi ilə heç-heçəyə nail olub. Lakin "Bavariya"nın oyunu əlavə vaxta aparacaq qələbə topunu vurması mümkün olmayıb.
İlk matçda 2:1 hesabı ilə qalib gələn "İnter" iki oyunun yekununda yarımfinala adlayıb. Finala gedən yolda rəqib İspaniya "Barselona"sı olacaq.
Çempionlar Liqası
1/4 final, təkrar oyunlar
16 aprel
23:00 “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) – 2:2
Qollar: Lautaro Martines, 58. Benjamen Pavar, 61 - Harri Keyn, 52. Erik Dayer, 76
İlk oyun: 2:1
23:00 “Real Madrid” (İspaniya) - “Arsenal” (İngiltərə) – 1:2
Qollar: Vinisius Junior, 67 - Bukayo Saka, 65, Qabriel Martinelli, 90+3
Qolla nəticələnməyən penalti: Bukayo Saka, 13 ("Arsenal")
İlk oyun: 0:3
Yarımfinal oyunları 29-30 aprel və 6-7 mayda keçiriləcək. Final görüşü isə mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da olacaq.