BAKI, 11 aprel. TELEQRAF

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında 5 məsələyə baxılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, toplantıda əvvəlcə əsas milli komandanın yoldaşlıq görüşləri dəyərləndirilib.

Daha sonra AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin hesabatına baxılıb.

Üçüncü məsələ 2024/2025 mövsümü üçün Premyer Liqa klublarına ayrılan infrastruktura aid vəsaitin cari xərclərə yönəldilməsi olub.

Eyni zamanda 2025/2026 mövsümü üçün I Liqadan Premyer Liqaya yüksələcək klublara avans olaraq, infrastruktur məsələləri ilə əlaqədar müəyyən məbləğin ayrılması nəzərdən keçirilib. Həmin məbləğ 500 min manat olacaq. Bu vəsait yalnız infrastruktur tələblərinin yerinə yetirilməsi, öncədən əhatəli plan, xərclər bölgüsü və layihə təqdim edilməsi, təqdim olunan sənədlər AFFA və PFL əməkdaşlarından ibarət işçi qrupu tərəfindən təqdim edilməsi şərtləri ilə veriləcək.

Digər məsələlər hissəsində isə AFFA-nın İntizam Komitəsinə yeni üzvlərin seçilməsi və Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanovun müraciətinə baxılması planlaşdırılır. Süleymanov BFF-in maddi-texniki bazasının yaradılması, İnkişaf Strategiyasının müvafiq maddələrinə uyğun şəraitin qurulmasını, region federasiyalarına mərkəzləşdirilmiş qaydada dotasiyanın ayrılması zərurətini əsas gətirib.

Qeyd edək ki, bütün məsələlərin təqdimatını AFFA-nın baş katibi Cahangir Fərəcullayev edib. İclas AFFA-nın Konfransından sonra keçirilib. Hələlik qərarlar rəsmən açıqlanmayıb.