BAKI, 11 aprel. TELEQRAF

“Nurlan İbrahimovla bağlı “Qarabağ”dakı həmkarlarla danışmışıq. Yenə də qərar sahibi UEFA-dır”.

Teleqraf xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ömürlük futboldan uzaqlaşdırılması barədə danışarkən deyib.

O, 2020-ci ildən UEFA-ın qərarı ilə futboldan uzaqlaşdırılan İbrahimovun işinə yenidən baxıla bilməsinin mümkünlüyü barədə suala belə cavab verib: “Yenə də hər bir təşkilatın öz qaydaları var. Əgər həmin nizamnamədə müəyyən cəzalar, məsuliyyətlər nəzərdə tutulursa, bir şəxsə görə dəyişiklik edilməyəcək. Hər halda bu məsələyə hüquqi cəhətdən baxıla bilər, sonda qərar sahibi yenə UEFA-dır”.

Qeyd edək ki, Nurlan İbrahimov Qarabağ müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə 2020-ci ildə bu cəzaya məruz qalıb. Qurum eyni zamanda Ağdam təmsilçisini 1000 avro məbləğində cərimələyib.