BAKI. 11 aprel. TELEQRAF
"Azərbaycan Premyer Liqasında 140 oyunda 39 VAR müdaxiləsi olub. Hər 3 oyuna 1 müdaxilənin olması yaxşı haldır".
Teleqraf-ın məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun Hesabat Konfransında çıxışında deyib.
Onun sözlərinə görə, hakim qərarları ilə bağlı 318 vacib məqam olub: "VAR müdaxiləsi olmadan 87 faizdən artıq düzgün qərarlar verilib. Bu mövsüm beynəlxalq oyunlara 21 təyinat və 3 VAR təyinatı almışıq. Elçin Məsiyev U-21 Avropa çempionatının final mərhələsinə təyinat alıb".
De Bleker gənc hakimlərə, qızlara ehtiyac duyduqlarını diqqətə çatdırıb: "Sentyabrda onları cəlb etməyi planlaşdırırıq. Hakimləri işə cəlb etmək üçün kampaniya başlayıb. İş görməliyik. İş görmək vaxtıdır".
O, FIFA-dan Azərbaycan üçün əlavə baş hakim yeri xahiş edəcəklərini açıqlayıb: "Peşəkar VAR mütəxəssislərinin mövsüm ərzində iştiraklarını təmin etməliyik. Bu istiqamətdə FIFA-dan da əlavə yer ala bilərik. Gənc hakimlərə də ehtiyacımız var. Media, klublar, federasiya, azarkeşlər olaraq, birlikdə işləməliyik".
De Bleker aparıcı çempionatlarda da səhvlərə yol verildiyini xarici mediadan seçmələrlə nümayiş etdirib.
Hakimlər Komitəsinin sədri Hikmət Qafarlının futzal üzrə I qrupa cəlb olunduğunu da xatırladıb.