
BAKI. 26 fevral. TELEQRAF
“Ən yaxşı erməni futbolçular milli komandada oynamaqdan imtina edirlər”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Pünik” klubunun keçmiş sahibi Artur Soqomonyan news.am-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda yığmadakı futbolçulardan yalnız 2-3 nəfəri Ermənistanda doğulub-boya başa çatıb: “Millidə Rusiya, Almaniya və Argentinadan çağırılan futbolçular var. Lakin onlar müxtəlif dillərdə danışırlar. Çoxları erməni dilini bilmirlər. Yaxşı ki, millidə oynayırlar. Amma ən yaxşıları Ermənistana gəlmirlər. Almaniyada çox istedadlı oyunçu var. Onu yığmaya çağırsalar da, imtina etdi. Ən yaxşı rusiyalı futbolçu, milliyyətcə erməni Arsen Zaxaryan Ermənistan millisində oynamır. Henrix Mxitaryanın özü də yığmada çıxış etmir. Bu da şəxsən mənim üçün üzücüdür. Səbəbini hamı bilir, amma Henrix bu barədə açıqlama vermək istəmir. Bu, özünün şəxsi qərarıdır”.
Soqomonyan martın 20-də və martın 23-də Gürcüstana qarşı UEFA Millətlər Liqasının keçid matçlarında üz-üzə gələcək Ermənistan yığmasının hazırki durumunun ağır olduğunu bildirib: “Bu gün Gürcüstan millisi başqa səviyyədə futbol oynayır. Onlar 2024-cü il Avropa çempionatına yüksələrək, Portuqaliyaya qalib gəliblər. Ermənistan isə öz meydanında Farer adalarına uduzub. Son vaxtlaradək bizim yığmanın baş məşqçisi belə yox idi. Bu, çox pis haldır. Gürcüstanla iki oyunun nəticəsinin necə olacağını bilmirəm. Amma ən yaxşısı, uduzub C Liqasında qalmaqdır ki, növbəti tsikldə Avropa çempionatına yüksəlmək şansı olsun”.
“Pünik”in keçmiş sahibi Ermənistan Futbol Federasiyasın (EFF) rəhbərliyini də tənqid edib: “Federasiyanin vitse-prezidenti Armen Nikoqosyan yalnız intriqalarla məşğuldur. EFF prezidenti Armen Melikbekyan yalnız danışır, amma heç nə etmir. Bütün bunlar birbaşa nəticələrə, xüsusən, millinin oyunlarına təsir göstərir. Ermənistan futbolunda dəyişikliklər tezliklə baş verməyəcək. Melikbekyan və federasiya rəhbərliyi ilk gündən hakimiyyətlərini möhkəmləndirməyə çalışırlar. Onları dəyişdirmək çox çətindir, hətta öz istəkləri ilə də getməyəcəklər. Nəticədən və azarkeşlərin narazılığından aslı olmayaraq, bu addımı atmayacaqlar. Çünki söhbət böyük məbləğlər və vəzifədən gedir. Bütün klubların və yığmanın azarkeşləri federasiyaya qarşıdırlar və rəhbərliyin istefasını tələb edirlər. Ümidvaram ki, onlar mübarizəni davam etdirərək, uğur qazanacaqlar”.
Qeyd edək ki, Artur Soqomonyan 18 sentyabr 2024-cü ildə “Pünik” klubunu satmağı qərara alıb. O, səbəb kimi EFF rəhbərliyinin qeyri-peşəkar fəaliyyətini göstərib.