Həbsdə olan Ermənisanın sabiq müdafiə naziri, polkovnik Davit Tonoyan vəkillərindən imtina edib.
Teleqraf.com xəbər verir ki, vəkil Lusina Saakyan onun müdafiəsini öz üzərinə götürüb.
Orduya silah təchizatı ilə bağlı mənimsəmədə (“Raket işi”) şübhəli bilinən Tonoyan iki ildir həbsdədir. Məhkəmələr barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması ilə bağlı bütün vəsatətləri rədd edir.
Tonoyan 2021-ci il sentyabrın 30-da həbs olunub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Silahlı Qüvvələr İdarəsinin rəisi Avetik Muradyan da həbsdədir. İş üzrə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artak Davtyana qarşı da ittiham irəli sürülüb.
Davit Tonoyan 2019-cu ildə Azərbaycana qarşı “ərazi qarşılığında sülh” və “yeni müharibə - yeni ərazilərin işğalı” iddiaları ilə gündəmə gəlmişdi. O, 44 günlük müharibədə Azərbaycana məğlub olarkən Ermənistanın müdafiə naziri idi. Savaşdan 10 gün sonra vəzifəsindən uzaqlaşdırılmışdı.