“Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan rəhbərliyinin Rusiyadan narazı olduğunu söyləyib:

“Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Rusiyadan “İttifaq Dövləti”nə daxil olmaq üçün rəsmi təklif almadığını, ancaq reallıqda hər şeyin göründüyü qədər açıq olmadığını bildirib.

Paşinyanın cümləsinin ikinci hissəsinin mənası budur: birincisi, Kremldən Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmasıyla bağlı şifahi təklif alıblar; ikincisi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Rusiya bizə bu məsələdə təzyiq edib” deyərkən, həqiqəti söyləyib.

Paşinyan Rusiyadan narazılığının nəticəsində onu deyib ki, Ermənistan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcək. Paşinyan söyləyib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.

Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək”.