Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsi ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, qırğız lider məktubunda ölkəsi ilə Ermənistan arasındakı “çoxəsrlik dostluq əlaqələr”indən bəhs edib.
“Qırğız Respublikası xalqlarımız arasında çoxəsrlik dostluq münasibətlərinə əsaslanan Ermənistan Respublikası ilə əməkdaşlığa önəm verir”, - məktubda qeyd olunub.
Eyni zamanda, Japarov Paşinyana iki ölkə arasındakı əlaqələrin "keyfiyyətcə yeni müstəvi"yə qaldırılmasını təklif edib:
“Qırğızıstan-Ermənistan münasibətlərinin hazırkı potensialını keyfiyyətcə yeni səviyyəyə qaldıracaq yeni və daha mükəmməl əməkdaşlıq formalarının kəşfinə səy göstərməliyik. Bu kontekstdə mən Qırğızıstan-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 2022-ci il noyabrın 4-də keçirilən birinci iclasını vacib və aktual hesab edirəm”.
Qırğızıstan prezidenti bildirib ki, ölkələrin və xalqların rifahı və firavanlığı naminə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətlərində Paşinyanla əməkdaşlığı fəal şəkildə davam etdirəcək.