Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda “Müqəddəs Qriqori” kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.

Teleqraf.com xəbər verir ki, mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb.

Hətta Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak etməyib.

“Hraparak” qəzeti bunun səbəbsiz olmadığını yazır. Nəşrin iddiasına görə, son üç ildə Erməni Apostol Kilsəsi ilə Ermənistan hökumətinin arası hiss olunacaq qədər açılıb.

Artıq üçüncü ildir ki, hakimiyyət nümayəndələri Milad mərasiminə qatılmırlar. Bu da kilsə və ermənilərin katolikosuna Paşinyan və komandasının açıq münasibəti hesab olunur.

2021-ci ildə baş nazirin keçmiş mətbuat katibi Mane Gevorqyan bildirmişdi ki, Paşinyan koronavirusa yoluxduğu üçün mərasimlərə qatılmır. Bu gün isə hakim elita heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia edir.

Bundan başqa, Nikol Paşinyanın doğum günlərində II Qaregini təbrik etməməsi də Ermənistanda müzakirə mövzusudur.

Paşinyan indiyədək ölkədə bu ənənəni pozan yeganə dövlət başçısıdır.