“Azərbaycanla Ermənistan arasındakı vasitəçilərsiz danışıqlar və tərəflərin sülhlə bağlı müzakirələri Rusiyanı narahat etməyə bilməzdi. Paşinyanın Moskvaya çağırılmasının əsas səbəbi danışıqların formatının dəyişməsi və hər iki dövlətin gələcək sülh üçün danışıqların intensivləşdirilməsini zəruri hesab etmələridir”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin Moskvaya belə təcili çağırılmasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı olması inandırıcı deyil:

“Ona görə ki, Ermənistan Rusiyanı bu müharibədə beynəlxalq platformalarda açıq dəstəkləyən ölkələr sırasında yer alır.

Avropa İttifaqının təşəbbüsü ilə Azərbycan və Ermənistan liderləri arasında aprelin 6-da baş tutan danışıqlar, üçtərəfli görüşün nəticəsi artıq öz konturlarını göstərməkdədir. Bu görüşdən sonra xarici işlər nazirləri səviyyəsində sülh üçün müzakirələr, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı birgə komissiyanın aprelin sonuna qədər yaradılması haqda açıq mətnlə verilən mesajlar Rusiyanı qane etmir. Əvvəllər danışıqlarda həm Moskva, həm Brüssel vasitəçilik etsə də, bu, böyük mənada rəqabət sayılmırdı. Rusiya-Ukrayna müharibəsi fonunda bu danışıqlara rəqabətlilik də əlavə olunub. Hazırda Rusiya tərəfi Avropa İttifaqının bu prosedə hər hansı formada iştirakına rəqabət kimi baxır.

Paşinyanın Brüssel səfərindən sonra parlament qarşısında və hökumətin iclasında etdiyi çıxışlar göstərir ki, Ermənistanın reallığı qəbul etməkdən başqa yolu yoxdur. Şəxsən istəməsə də, beynəlxalq aləmin təzyiqi fonunda geri çəkilməyə məcburdur. Azərbaycanla münasibətləri normallaşdırıb sülh müqaviləsi imzalamasa nə Ermənistanı, nə də öz hakimiyyətini xilas edə biləcək. Çünki dünyada baş verən siyasi proseslər fonunda iqtisadi təlatümlərin olacağı və bu təlatümlərin digər ölkələrə də təsir edəcəyi istisna deyil. Ermənistan kimi iqtisadi dayanıqlılığı aşağı olan ölkələr isə bunu daha tez hiss edəcək”.

Rəfail Becanov hesab edir ki, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını indiki situasiyada ölkəsi üçün yeganə xilas düsturu kimi görür:

“Hələlik iqtisadi problemlərə toxunmasa da, siyasi mesajlarında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini bildirir. Ermənistan ictimaiyyətinə verdiyi mesajlarda aşkar söyləyir ki, biz düzgün strategiya qurmasaq, regionda sülh üçün çalışmasaq, Qarabağda ermənilər yaşayan bütün ərazilər Fərrux kəndinin taleyini yaşayacaq.

Paşinyanın hazırda sərgilədiyi mövqeyi Rusiyanı qane etmir. Ona görə ki, Rusiya xüsusən özünün iştirak etmədiyi regional sülhdən narahatdır. Sülh olacaqsa, onda sülhməramlıların vəzifələri də de-fakto və de-yure bitmiş sayılacaq. Bunu isə Rusiya istəmir.

Paşinyanı Moskvada ciddi təzyiqlər gözləyir. Onun bu təzyiqlərə tab gətirib-gətirməyəcəyi həm də Rusiyanın Ermənistandakı təsir agentlərindən, yəni Köçəryan və Sərkisyandan, eləcə də digərlərindən formalaşdırdığı “5-ci kolon”dan asılıdır. Rusiya artıq Emənistanda “etiraz düyməsi”nə basıb. Revanşistlər böyük sosial dəstək olmasa da, lokal etiraz aksiyaları təşkil edirlər.

Paşinyan məğlubiyyətdən sonrakı seçkidə olduğu kimi bu dəfə də Rusiyanın təsir və təzyiqlərini neytrallaşdıra bilsə, onda Avropa İttifaqının təşəbbüsü ilə başlanan prosesi davam etdirməyə çalışacaq. Əks təqdirdə, Rusiya regionda sülh prosesini yenidən əngəlləyəcək”.