“Vətəndaşlarla, müharibədə həlak olan hərbçilərin yaxınları ilə görüşlər zamanı görürəm ki, sülh gündəmi ilə bağlı çox geniş ictimai konsensus var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lena Nazaryan deyib.

Deputat Ermənistanın sıravi erməni cəmiyyətinin bəzi üzvlərinin Azərbaycanla sülhün əldə edilməsinə münasibətinin onu təəccübləndirdiyini bildirib:

“İki ay əvvəl vətəndaş cəmiyyətinin nümayəndələri, əsasən də qadınlar hökumət binasının qarşısına qəzəblə toplaşmışdılar. Hökumətdən daha dərin səngərlər qazmağı, sərhədi gücləndirməyi, yeni çağırışçıların sərhəddən çıxarılmasını, əvəzində müqaviləli hərbçilərin ora aparılmasını tələb etdilər. Sanki müqaviləli hərbçilərin həyatı daha az əhəmiyyət kəsb edir. Və məni təəccübləndirən bu oldu ki, o hörmətli qadınlar, vətəndaş cəmiyyətinin nümayəndələri hökumətdən qəti, birmənalı tələb etmədilər ki, gedin Azərbaycanla sülh müqaviləsi imzalayın, müharibə səhifəsini bağlayın, həll yollarına gedin”.

Deputat əlavə edib ki, o, müxalifətin, vətəndaş cəmiyyətinin gündəmini formalaşdırmağa çalışmır, amma bir şey ona aydındır, əslində sülh gündəmini irəli sürən Nikol Paşinyan hökumətinin hamıdan mütərəqqi olmasıdır.

Nazaryan bunu “anormallıq” adlandırıb:

“Bu, çox anormal, qəribədir. Bir qayda olaraq, əksi baş verir, həmişə müxalifət və vətəndaş cəmiyyəti daha mütərəqqi olur. Amma bu, mənə həmişə ümid verir, vətəndaşlarla, həlak olan hərbçilərin yaxınları ilə görüşlər zamanı görürəm ki, indi sülh gündəmində çox geniş ictimai konsensus var. Mən də sülh gündəliyinin həyata keçirilməsi üçün qəti, birmənalı tələblə baş nazirə, xarici işlər nazirinə, onun aparatına, bütün hökumətə dəstəyimi ifadə edərək, bu ictimai konsensusa qoşuluram”.