Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin hərbçilərinin Ermənistan Milli Assambleyasının bir qrup deputatını sözügedən ərazilərə buraxmamasından narahatlıq ifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında bildirilib.

“Sözügedən hərəkət 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata ziddir. Noyabrın 9-da qəbul edilən üçtərəfli bəyanatda Qarabağın Laçın dəhlizi ilə Ermənistanla fasiləsiz əlaqəsi nəzərdə tutulur. Bəyanatın bütün tərəfləri onun hərflərinə və ruhuna ciddi əməl etməli, həmçinin öhdəliklərini yerinə yetirməlidirlər”, - Ermənistan XİN-in bəyanatında deyilir.