“Təəssüf edirəm ki, hakimiyyətdə təmsil olunmuş Ermənistan vətəndaşları - bizim ermənilər hansısa dövlətlərin və ya konkret mərkəzlərin maraqlarına xidmət edərək dövlətçiliyi təhlükəyə atdıqlarını bilmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki çıxışında hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Rüstəm Bakoyan deyib.

O, Ermənistan parlamentindəki müxalifət nümayəndələrinin Qarabağdakı separatçıların qondarma bayrağının tribunadan asılmasına, eləcə də onların Azərbaycanın bu bölgəsinə qanunsuz səfərinə etiraz edib.

Bakoyan ermənilərin Azərbaycan və Türkiyə bayraqlarını yandırmalarını da qəbul etmədiyini bildirib:

“İllərlə türk bayrağını yandırıb, belə nəsillər yetişdirməklə heç bir yaxşı iş görmədilər. Əgər bununla (bayrağı yandırmaqla – red.) Ermənistan üçün hansısa konkret addım atıblarsa və Ermənistanda hansısa müsbət töhfə veriblərsə, deməli, düzgün ediblər, amma biz bunda yaxşı bir şey görmədik. Təəssüflər olsun ki, müxalifətdə milli azlıqların nümayəndələri var ki, onlar kimin mənafeyinə xidmət edirlər, bilinmir. Türk bayrağını yandırmaqla vətəni xilas etdiyinizi düşünürsünüzsə, o zaman bir fil rəsmi çəkin və sonra bu fil rəsmini cıraraq, güclü uşaq - fil olduğunuzu düşünün”.

Bakoyan bildirib ki, müxalifətin belə bir gündəmə xidmət etməsindən təəssüflənir: “Təəssüf edirəm ki, beynəlxalq platformalarda konkret addımlar atmaq, ölkəmizi bu ağır durumdan çıxarmaq əvəzinə, nə etdiyinizi bilmirəm”.