“Ermənistanın hazırkı hakimiyyəti son məqsədini - Rusiya hərbi bazasını ölkə ərazisindən çıxarmaq proqramını ardıcıl olaraq həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

Onun fikrincə, bu proqramda 4 bənd var: “Qarabağın təhvil verilməsi, Azərbaycanla sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlərin qurulması, sərhədlərin açılması və Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması”.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsinin bağlandığına əmin olduğundan birinci bəndi yerinə yetirilmiş hesab edir:

“Bunu dəstəkləyən bir çox amillər var. Müharibədən sonra bir dəfə də olsun hakimiyyət bəyan etmədi ki, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Üstəlik, onlar Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını açıq şəkildə söyləməkdən imtina edirlər”.

Şahnazaryan Ermənistan hakimiyyət beynəlxalq tribunalarda Türkiyə əleyhinə çıxışlarını da dayandırdığını söyləyib.

Onun sözlərinə görə, ikinci və üçüncü məqamlar: Azərbaycanla sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması, həmçinin Türkiyə ilə əlaqələrin qurulması və sərhədlərin açılması artıq müəyyən dərəcədə həyata keçirilir.

Şahnazaryan qeyd edib ki, bu məsələlərin həllindən sonra sonuncu prosesin - Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasının həyata keçirilməsinə başlanacaq: “Xüsusilə Türkiyə ilə sərhəddə Ermənistanın Rusiya hərbi bazasına ehtiyacı olmadığına dair tezislər fəal şəkildə yayılacaq. Rusiya hərbi bazasının burada nə etdiyi, rus sərhədçiləri nə işlə məşğul olduğuna dair həmişə suallar olacaq. Proses çox aktiv və sürətlə gedəcək”.