BAKI, 7 mart. TELEQRAF

OPEC+ ölkələri neft bazarında disbalans yaranacağı təqdirdə hasilatı yenidən azaltmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Bazarı izləyəcəyik və əgər bazarda balansızlıq olarsa, addımlarımızı atacağıq”, -deyə o bildirib.

Novak həmçinin qeyd edib ki, OPEC+-ın aprel ayından neft hasilatını artırmaq qərarı ayrı-ayrı iştirakçıların hasilat gücü və ya digər xarici amillərlə bağlı deyil. Bu, neft məhsullarına artan tələbat mövsümünə hazırlıqla bağlıdır.

“Yaz və yay aylarında neft məhsullarına tələbatın artması ilə üzləşirik. Tələbin artması fonunda istehsalın artırılması mümkündür",- deyə Novak bildirib.

O qeyd edib ki, OPEC+ ölkələri tərəfindən neft hasilatının artırılması ehtimalı artıq bazar tərəfindən nəzərə alınıb. Bu əhəmiyyətli volatilliyə səbəb olmayıb.

Onun sözlərinə görə, Rusiya martda OPEC+ sazişini 100% yerinə yetirmək niyyətindədir, lakin bu və ya digər istiqamətdə razılaşmadan kənara çıxılması da mümkündür.