BAKI, 2 oktyabr. TELEQRAF
Avropa istilik mövsümü üçün yeraltı qaz anbarlarına tələb olunandan az ehtiyatı toplayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının məlumatlarından məlum olub.
Bildirilir ki, sentyabrın sonuna Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 71,5% təşkil edib. Bu, son beş ilin müvafiq tarixləri üzrə orta göstəricidən 15,68 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11 faiz bəndi azdır.
Sentyabrda Avropanın yeraltı qaz anbarlarına 7,8 milyard kubmetr qaz vurulub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. Eyni zamanda, anbarlardan qaz götürülməsi son 11 ilin minimumuna enərək 868 milyon kubmetr təşkil edib. Beləliklə, sentyabrda anbarlara vurulan və götürülən qazın həcmi arasındakı xalis fərq (netto vurulma) ötən ilin göstəricisindən 23% çox – 7 milyard kubmetr olub.
Ötən ayın yekunlarına görə, Aİ-nin yeraltı qaz anbarlarında təxminən 78,3 milyard kubmetr qaz olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 milyard kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdırlar. Çətin doldurulma şəraiti yarandıqda bu tələb üzrə 10 faiz bəndi həcmində güzəştə yol verilir.
Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanmasına qədər normativ doluluq səviyyəsinə nail olmaq üçün Avropanın yeraltı qaz anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır. Hazırda Avropa qarşıdan gələn qış üçün tələb olunan həcmin cəmi 70%-ni, yaxud 48 milyard kubmetrini anbarlara vura bilib.
Avropa qışa qədər qaz anbarlarının doldurulmaq məqsədilə mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırıb.
Ötən ay Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə daxil olan LNG-nin həcmi təxminən 10,6 milyard kubmetr təşkil edib. Bu, avqust ayı müqayisədə 15% çox, 2025-ci ilin sentyabrı ilə müqayisədə isə 6% azdır.
2026-cı ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Avropa terminallarından qitənin qaz nəqli sisteminə LNG daxilolmaları azalıb və təxminən 101 milyard kubmetr təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır.