
BAKI, 3 mart. TELEQRAF
"Ölkəmiz neft gəlirlərindən çox asılıdır. Bu asılılığın aradan qaldırılması üçün görülən işlər də ciddi nəticələr vermir".
Teleqraf xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Deputat bildirib ki, qeyri-neft sektorundakı illik 5-6 faiz artım iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq imkanında deyil:
"Düşünürəm ki, biz sənayəni inkişaf etdirməliyik. Bunun üçün də enerji daşıyıcılarının qiyməti aşağı salınmalıdır. Təəssüf ki, tənzimləmə funksiyalarından biznes fəaliyyəti ilə məşğul olunur. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Bu sektorda özəlləşdirməyə getməliyik ki, nöqsanların qarşısını alaq. Elektrik stansiyaları özəlləşdirilməlidir. Neftayırma zavodları şəhərdən kənarda yerləşməlidir. Böyük texnogen qəza olsa, şəhərdə nəfəs almaq olmayacaq. SOCAR bu barədə düşünməlidir. SOCAR-ın neft hasilatları hər gün 1000 ton azalır. Şirkətin borcları artır, buna görə də SOCAR-ın özəlləşdirilməsi gündəmə gəlir".