
BAKI, 3 mart. TELEQRAF
"Energetika Nazirliyi tərəfindən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna bir neçə maddənin əlavə edilməsini məqsədəmüvafiq hesab edirik".
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisdə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazirlik rəsmisi çıxışında bildirib:
"Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək.
İqtisadi fayda - Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla - müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır. Bu, elektrik şəbəkəsinə yükü azaldır. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80%-ə qədərinin spiralın közərməsinə sərf edilir. Lampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımından faydalıdır.
Enerji təhlükəsizliyi - Azərbaycan enerji idxalından aslılığı az olan ölkə kimi, iqtisadiyyatı xarici şoklara bir o qədər də davamlıdır. Təbii ki, ölkə daxilində enerji səmərəliyinin təmin edilməsi eyni zamanda enerji təhlükəsinzliyinə töhvə verir.
İqlim məqsədlərinə nail olmaq - İstixana effekti yaradan qazların emissiyalarının sonuncu inventarlaşdırılmasına əsasən ölkəmizdə 2022-ci ildə emissiyalar 69,5 Million tonn CO₂e, qlobal emissiyaların 0,12%-i təşkil etməklə 1990-cı illə müqayisədə 18% azalmışdır. Eyni zamanda, Paris Sazişinin 4-cü maddəsinin 19-cu bəndinə əsasən, tərəf dövlətlər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyalarının (LTS) hazırlanmasına təşviq olunurlar. Qeyd etmək lazımdır ki, hazırda (1 iyun 2024-cü il tarixinə) 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksək səviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşdirmişdir ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82%-ni əhatə edir. Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, ölkə üzrə yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) beynəlxalq təcrübə əsasında hazırlanır".