
BAKI, 3 mart. TELEQRAF
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft, qaz və metan tərəfdaşlığına qoşulub.
Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.
O bildirib ki, burada da emissiyaların daha dəqiq ölçülməsina aid mövzular əhatə olunur:
"SOCAR yeni və innovativ texnologiyaların istifadə edilməsinə başlayıb. Süni intellektyönümlü insititut qurulub. Əvvəllər emissiyalar əmsalla və ya hər hansı əl alətləri ilə ölçülürdüsə, SOCAR indi dronlar və peyklərlə bu işi görür. Bunlardan istifadə xərclərin azalmasına səbəb olub. Emissiyalar əl ilə hesablandıqda, orada insan səhvi olurdu. Ancaq sözügedən məsələ bu ildən xüsusi manitorinq hesabatvermə və yoxlama proqramı ilə aparılacaq. Bu da məlumatın keyfiyyətini qaldıracaq. Sadaladığım texnologiyalar neft daşlarında istifadə olunur və 2024-cü ildə 100 milyon kubmetr qaz itkisinin qarşısı alınıb".