BAKI, 21 fevral. TELEQRAF
Rusiya benzin ixracına tətbiq olunan məhdudiyyətləri avqustun 31-dək uzadıb.
Teleqraf xəbər verir ki, Rusiya hökumətinin açıqlamasına görə, martın 1-də başa çatmalı olan məhdudiyyətlər avqustun 31-dək qüvvədə qalacaq.
Bəyanata əsasən, benzin istehsalçıları üçün mövcud güzəştlər davam edəcək. Bununla yanaşı, neft emalı zavodlarına və bu zavodlara sahib olan neft şirkətlərinə müəyyən şərtlər çərçivəsində yanacaq ixracına icazə veriləcək.
Qeyd edək ki, son dövrlərdə Rusiyada neft emalı zavodları pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb. Eyni zamanda, xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat benzin qiymətlərinin yüksəlməsinə səbəb olub. Qiymət artımının qarşısını almaq məqsədilə hökumət vaxtaşırı ixraca məhdudiyyətlər tətbiq edir.
Azərbaycan da Rusiyandan benzin idxal edən ölkələr arasında yer alır.