BAKI, 2 iyun. TELEQRAF

Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti seçilib.

Teleqraf-ın məlumatına görə, bu, AŞF-nin Növbəti Konfransında baş verib.

Eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində daha dörd il müddətinə milli federasiyaya da rəhbərlik edəcək.

Faiq Həsənov I vitse-prezident, iş adamı Yaqub Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov vitse-prezident seçiliblər.

Sərxan Həşimov, Aynur Sofiyeva və Elnur Əliyev isə İcraiyyə Komitəsinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər.

“Radisson Hotel”də təşkil olunan Konfransda gənclər və idman naziri Fərid Qayıbov, AŞF rəsmiləri, tanınmış şahmatçılar və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir Dövlət Himinin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

M.Məmmədov son illər ərzində qazanılan nəticələr barədə məlumat verib. Nazir Fərid Qayıbov çıxışında AŞF-nin gördüyü işləri yüksək qiymətləndirib.

Qurumun təqdim etdiyi hesabat videoçarxının ardınca büdcə və gündəlikdə duran məsələlər müzakirə olunub.
Sonra AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik və Qadın və Sosial Komissiyalarının hesabatları dinlənilib.