BAKI, 23 may. TELEQRAF

Basketbol üzrə yeniyetmələrdən ibarət milli komandalarının yeni baş məşqçiləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Teleqraf-a verilən məlumata görə, 16 yaşadək oğlanlardan ibarət millinin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Erhan Toker, onun köməkçiləri isə Anar Hacıyev və Rüstəm Əliyevdir.

Mövsümü "Abşeron" klubunda keçirmiş türkiyəli mütəxəssisin ən son nailiyyəti 2014-cü ildə U-20 Avropa çempionatının A divizionunda Türkiyə millisi ilə çempionluq olub.

Bu yaş kateqoriyasında qızlardan ibarət millinin baş məşqçisi türkiyəli Ferhat Akcan, onun köməkçisi isə Aygün Eynullayevadır.

Türkiyəli məşqçi daha öncə "Ormanspor" klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

18 yaşadək oğlanlardan ibarət millinin baş məşqçisi Anar Sarıyev, onun köməkçisi isə Polad Həsənovdur. Adları çəkilən məşqçilər 2024-cü il U-18 Avropa çempionatında C divizionunda çempionluq qazanıblar.

Eyni yaşlı qızlardan ibarət komandanın baş məşqçisi Evren Alkaya, onun köməkçisi isə Aygün Eynullayevadır. Onlar 2024-cü il U-16 Avropa çempionatının C divizionunda qızıl, U-18 Avropa çempionatının eyni divizionunda gümüş mükafatın sahibi olublar.

Yeniyetmələrdən ibarət oğlan və qız milli komandaların məşqçilər heyəti Avropa çemiponatının hazırlıqlarına start veriblər.