BAKI. 17 may. TELEQRAF

Avropa Qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Maribor şəhərində keçirilmiş 9 günlük hazırlıq prosesində Faiq Qarayevin baş məşqçi olduğu komanda Sloveniya yığması ilə birgə məşqlər edib.

Həmçinin, milli ABŞ-nin “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesabı ilə qalib gəlib.

Hazırlıq prosesinin növbəti mərhələsi üçün Azərbaycan yığması bu gün Sloveniyadan Yunanıstana yola düşüb.

Mayın 24-dək davam edəcək toplanış zamanı da yoxlama oyunları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Qızıl Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq görüşlərdə rəqiblər Macarıstan və Sloveniya olacaq.