
BAKI, 20 mart. TELEQRAF
Azərbaycan Şahmat Federasiyası (AŞF) bu il ilk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.
Teleqraf xəbər verir ki, bununla əlaqədar AŞF prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun rəhbərliyi altında Təşkilat Komitəsinin iclası keçirilib.
M.Məmmədov beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb.
Tur çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq açıq yarış təşkil olunacaq. Bütün turnirlər beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək.
18 - 25 iyunda “Sheki Open”, 26 iyun - 3 iyulda “Shamakhı Open”, 6 - 13 iyulda “Lankaran Open”, 15 - 22 iyulda “Guba Open”, 11 - 18 noyabrda “Ganca Open” və 19 - 26 noyabrda “Shirvan Open” keçiriləcək.
“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.
“Azərbaycan Şahmat Turu” ilə əlaqədar AŞF yeni sayt istifadəyə verib. Chess.az saytında şahmatçılar turnirlər üçün qeydiyyatdan keçə və yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edə biləcəklər.
Qeyd edək ki, bütün turnirlərdə yerlilərlə yanaşı, həm də əcnəbi şahnatçıların, o cümlədən, beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.