ABŞ Yaponiya ilə birgə böyük hərbi təlimlər çərçivəsində Tayvandan 110 kilometr aralıda yerləşən adada NMESIS gəmi əleyhinə raket sistemi yerləşdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, raket kompleksi 19-29 oktyabr tarixlərində keçiriləcək "Sharp Sword" təlimləri zamanı Yaponiyanın Yonaguni adasına köçürüləcək. Qeyd olunub ki, Yaponiya ordusu orada özünün gəmi əleyhinə və zenit raket sistemlərini, eləcə də elektron müharibə avadanlıqlarını da yerləşdirə bilər.

Agentliyin qeyd etdiyi kimi, NMESIS-in təxminən 185 kilometr məsafəyə atəş açma mənzili var ki, bu da ona Tayvan ərazisindəki gəmiləri vurmağa imkan verir. Keçən il ABŞ ordusu artıq adada təchizat daşıma təlimləri keçirmiş və regional böhran vəziyyətində irəli bazanın yaradılmasını simulyasiya etmişdir.

"Sharp Sword" təlimi iki ildən bir keçirilir və ABŞ ilə Yaponiya arasında ən böyük birgə hərbi təlimlərdən biridir. Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Yaponiyanın 2030-cu ildən Yonagunidə zenit raketlərini daimi yerləşdirmək planlarının regional gərginliyi artıracağını və hərbi qarşıdurmaya səbəb olacağını bildirmişdi.