BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa və Yaxın Şərqdəki layihələr üçün nəzərdə tutulan on milyonlarla dollar vəsaiti Latın Amerikası ölkələrinə yönləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamenti sentyabrda Konqresi vəsaitlərin yenidən bölüşdürülməsi planı barədə məlumatlandırıb. Bundan sonra Nyu-Hempşir ştatından demokrat senator Cin Şeyhin və Nyu-York ştatından Nümayəndələr Palatasının üzvü Qreqori Miks vəsaitlərin başqa istiqamətə yönəldilməsi prosesinin qarşısını alıb.
Lakin qəzetin məlumatına görə, ABŞ administrasiyası bu həftə Konqresə veto xarakterli qadağanı nəzərə almayacağını və 52 milyon dolları Panama, Peru, Ekvador və Kolumbiyaya yönləndirəcəyini bildirib.
Sözügedən vəsait əvvəlcə Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün nəzərdə tutulmuşdu.
ABŞ Dövlət Departamenti “The Washington Post”a bildirib ki, vəsaitlərin yenidən bölüşdürülməsi ölkənin milli maraqlarına zidd deyil.
“Yaxın Şərq və Avropadan vəsaitlərin Qərb yarımkürəsinə yönləndirilməsi milli təhlükəsizlik strategiyasına uyğundur. Regionumuza ayrılan maliyyə Qərb yarımkürəsində narkoterrorizmlə mübarizəyə və Panama kanalının təhlükəsizliyinin təmin olunmasına kömək edəcək”, – Dövlət Departamentindən bildirilib.