BAKI, 15 oktyabr. TELEQRAF

Pakistan Asiyada sülhün və təhlükəsizliyin təmin olunması üçün dialoqun, qarşılıqlı hörmətin və dövlətlərin suveren bərabərliyinin vacibliyini vurğulayır.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

O, sammitin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və xalqa təşəkkür edib.

Diplomat vurğulayıb ki, Asiya həllini gözləyən mübahisələr, silahlı münaqişələr, terrorizm, iqtisadi qeyri-müəyyənlik və iqlim dəyişikliyi kimi problemlərlə üzləşir:

“Davamlı sülh məcburetmə və birtərəfli addımlarla deyil, dialoq, beynəlxalq hüquq və BMT Nizamnaməsinə riayət etməklə mümkündür”.

Qasım Mohiuddin Pakistanın AQEM-in gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.