BAKI, 11 avqust. TELEQRAF

“Əvvəlcə bütün Azərbaycan azarkeşlərini, "Sabah" azarkeşlərini, futbolçularımı, rəhbərliyimizi, texniki və tibbi heyətimizi təbrik etmək istəyirəm. Bugünkü qələbədə hər kəsin, o cümlədən stadionda və ekran qarşısında bizi dəstəkləyən azarkeşlərin payı var”.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Orhus” üzərində 4:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis ilk görüşdəki 1:2 hesablı məğlubiyyətdən sonra komandanın düzgün nəticə çıxardığını bildirib:

“İlk oyundakı məğlubiyyətdən sonra özümüz üçün müəyyən dərslər çıxardıq. Əksinə, bu nəticə bizə daha çox inam və özümüzə güvən verdi. Cavab görüşünə daha hazırlıqlı idik. Oyundan əvvəl də demişdim ki, kim detalları daha düzgün yerinə yetirsə, səhvlərini düzəltsə, qalib o olacaq. Bu gün detallar çox mühüm rol oynadı”.

Dambrauskas komandasının qarşılaşmanın böyük hissəsində üstün tərəf olduğunu vurğulayıb:

“Birinci hissədə rəqibin bir real qol imkanı oldu və qapıçımız çox yaxşı oynayaraq bizi xilas etdi. Qapıçılar da bunun üçündür. Amma oyunun əvvəlindən sonuna qədər dominant, oyuna nəzarət edən və daha istəkli tərəf biz idik. ‘Orhus’ Danimarkadakı matçla müqayisədə burada bizə daha çox təzyiq etməyə çalışırdı. Buna baxmayaraq, oyunun ritmini nəzarətdə saxlayan komanda biz olduq”.

Baş məşqçi ilk qolun matçın gedişində xüsusi rol oynadığını qeyd edib:

“Birinci qol bizim üçün psixoloji baryeri aşmaq baxımından çox vacib idi. Ardınca ikinci qolu vurduq və daha rahat oynamağa başladıq. Rəqib irəli atıldıqca boşluqlar yarandı. Sürətli futbolçularımızın hesabına üçüncü və dördüncü qolları da vurduq. Hətta daha çox qol vurmaq imkanlarımız vardı”.

Dambrauskas komandasının hücum futbolundan vaz keçməyəcəyini də bildirib:

“Biz bir qol vurub bununla kifayətlənmək istəmirik. İkinci, üçüncü, dördüncü qolu da vurmağa çalışırıq. Əvvəlki rəqiblərimiz TNS və KuPS daha çox müdafiəyə üstünlük verirdilər, çoxsaylı futbolçu ilə cərimə meydançasında müdafiə olunurdular. Belə komandalara qarşı qol vurmaq çətin olur. ‘Orhus’ isə hesabda geri düşdükdən sonra irəli getdi və bizə boşluqlar verdi. Futbolda bütün fürsətlərdən istifadə etmək mümkün olmur. Əgər hər dəfə əlimizə düşən imkanların hamısından yararlansaq, belə böyükhesablı qələbələr çox olar və mən də çox xoşbəxt baş məşqçi olaram”.

Mütəxəssis pley-off mərhələsindəki potensial rəqib barədə danışmağa tələsmədiyini vurğulayıb:

“Hazırda bunu müzakirə etmək istəmirəm. Hansı rəqibin bizim üçün daha yaxşı olacağını bilmirik. Bu oyunu təhlil etdikdən sonra ‘Kəpəz’lə qarşılaşmaya hazırlaşacağıq. Azərbaycan çempionatı başlayır və bizi çətin oyun gözləyir. Rəqibdə yeni futbolçular var. Hazırda mənim fikrimdə növbəti avrokubok rəqibi yox, yalnız ‘Kəpəz’ var”.

Dambrauskas qapıçı mövqeyi və mümkün transferlərlə bağlı suala da münasibət bildirib:

“Heyətimizdə dörd qapıçı var – Rəvan, Rauf, Eyyub və Amin. Üç gənc azərbaycanlı qapıçımız çox istedadlıdır və mən onlara güvənirəm. Zaman da haqlı olduğumu göstərəcək. Transferlərə gəlincə, heyətimizdə təxminən 10 futbolçu var ki, hələ start heyətində meydana çıxmayıblar. Bu, onların keyfiyyətsiz olması demək deyil. Mən həmin futbolçulara inanıram. Ümumilikdə 25 çox yaxşı futbolçumuz var və onlar istər avrokuboklarda, istərsə də Azərbaycan çempionatında qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdırlar”.

Qeyd edək ki, “Sabah” “Orhus”u cavab görüşündə 4:0, iki oyunun nəticəsinə görə isə 5:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.