BAKI, 3 avqust. TELEQRAF
Gürcüstanın Kulevi neft emalı zavodunu idarə edən "Black Sea Petroleum" MMC (BSP), Rusiyadan xammaldan imtina etmək planı fonunda Qazaxıstan neftinin emalına başlandığını və bu ay Liviyadan neftin gəldiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş açıqlamada bildirilir.
Qeyd olunur ki, Kulevi neft emalı zavodunda Qazaxıstan mənşəli xam neftin emalına iyulun əvvəlində başlanılıb, qalan həcmin emalı isə avqust ayında davam etdiriləcək.
Bundan əlavə, 3 iyul 2026-cı il tarixli beynəlxalq ticarət şirkəti ilə xam neft tədarükü üzrə müqaviləyə əsasən, Liviya mənşəli xam neft yükünün 20-30 avqust tarixləri arasında Kuleviyə çatması gözlənilir. Müqavilə 2027-ci ilin sonuna qədər qüvvədədir və müddətin uzadılması ehtimalını da əhatə edir.
Şirkətin açıqlamasında deyilir: “BSP xammal ehtiyatlarının şaxələndirilməsi planını həyata keçirməyə, Avropa Komissiyası və digər müvafiq orqanlarla konstruktiv şəkildə əməkdaşlıq etməyə və əldə edilən irəliləyişlərə dair aydın və təsdiqlənə bilən dəlillər təqdim etməyə davam edəcək”.
BSP xatırladıb ki, 1 iyulda şirkət 2026-cı ilin avqust-sentyabr aylarında tamamilə Rusiya mənşəli olmayan xam neftin emalına başlayacağını elan edib.