BAKI, 4 avqust. TELEQRAF

Qətər, Misir və Türkiyə Qəzza zolağındakı münaqişənin nizamlanmasında vasitəçi ölkələr kimi İsrailin anklavda həyata keçirdiyi hərbi əməliyyatları kəskin pisləyərək, bunların atəşkəs razılaşmasının birbaşa pozuntusu olduğunu bəyan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə üç ölkənin birgə bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu cür pozuntular atəşkəs razılaşmasına əməl edilməməsi deməkdir və HƏMAS-ın, eləcə də digər Fələstin qruplarının silahlara nəzarətlə bağlı yol xəritəsini qəbul etdiklərini açıqlamasından sonra sülh planının ikinci mərhələsinin həyata keçirilməsi istiqamətində səylərə zərbə vurur.

Vasitəçi ölkələr İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələri, xüsusilə tibb müəssisələrinin hədəfə alınmasını və dinc sakinlərin həlak olmasını pisləyiblər. Onlar mülki əhalinin, tibb işçilərinin və humanitar əməkdaşların tam qorunmasını, həmçinin humanitar yardımın anklavın bütün ərazilərinə maneəsiz çatdırılmasının təmin edilməsini tələb ediblər.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyət İsraili üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməyə çağırılıb. Bildirilib ki, bu, ABŞ Prezidenti Donald Trampın "tarixi razılaşma" adlandırdığı sülh planının ikinci mərhələsinin həyata keçirilməsi üçün vacibdir.

Xatırladaq ki, İsrail və HƏMAS 2025-ci ilin yanvarında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs barədə razılığa gəlib. Üç mərhələdən ibarət olan planın ilk hissəsi döyüşlərin dayandırılması, saxlanılan şəxslərin azad edilməsi və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu. Sonrakı mərhələlər isə münaqişənin tam başa çatdırılması və Qəzzanın bərpasını əhatə edir. ABŞ Prezidenti Donald Tramp iyulun 30-da razılaşmanın ikinci mərhələsi üzrə anlaşmanın əldə olunduğunu açıqlayıb.