BAKI, 25 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin İrana silah tədarük edilmədiyinə dair bəyanatlarına inandığını bildirib.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp deyib ki, həm Si Cinpin, həm də Vladimir Putin Tehranın silahla təmin olunmasında iştirak etmədiklərini bəyan ediblər.
"Si Cinpin dedi ki, onlar bu prosesdə iştirak etməyəcəklər. Prezident Putin də eyni şeyi söylədi. Mən onlara inanıram", - ABŞ Prezidenti vurğulayıb.
Tramp bəzi amerikalı rəsmilərin Moskva və Pekinin Tehrana hərbi yardım göstərə biləcəyi ilə bağlı iddialarını da şərh edib. Pentaqonun rəhbəri Pit Heqsetin bu barədə səsləndirdiyi fikirlərə münasibət bildirən ABŞ Prezidenti Rusiyanın və Çinin İrana yardım etdiyinə əmin olmadığını deyib.
Onun sözlərinə görə, Rusiya və Çin uzun illərdir İranla münasibətlərə malikdir və müəyyən əməkdaşlıq elementləri ola bilər. Lakin Tramp indiyədək Tehrana göstərilən hər hansı irimiqyaslı yardımın müşahidə olunmadığını qeyd edib.