BAKI, 25 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksiyadan idxal olunan məhsullara yeni yüksək gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Meksikadan idxal edilən kahı məhsulları ilə bağlı ABŞ-da baş verən kütləvi qida zəhərlənməsi halları araşdırılır.

"Fikrimcə, kahı ilə əlaqədar Meksikaya qarşı yüksək rüsumlar və ya idxal vergiləri tətbiq edəcəyik. Həmçinin Kanadaya qarşı da tüstüyə görə yüksək rüsumlar tətbiq edəcəyik", - deyə ABŞ Prezidenti bildirib.

Məlumata görə, ABŞ-də son vaxtlar minlərlə insan qida zəhərlənməsi ilə üzləşib. Ehtimallardan birinə əsasən, buna səbəb Meksikadan ölkəyə gətirilən kahı məhsulları ola bilər.

Tramp daha əvvəl də Kanadada davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ ərazisində havanın keyfiyyətini pisləşdirdiyini bildirərək, Ottavaya qarşı əlavə gömrük rüsumları tətbiq edə biləcəyini bəyan etmişdi. Son həftələrdə meşə yanğınlarından yaranan tüstü ABŞ-nin bir sıra iri şəhərlərini əhatə edib.