BAKI, 22 iyul. TELEQRAF

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın indiyədək dəyəri təxminən 37,5 milyard dollar təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresin Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, göstərilən məbləğə hərbi əməliyyatların aparılması ilə bağlı bütün xərclər, həmçinin sentyabrın 30-dək hərbi qulluqçulara ediləcək ödənişlər daxildir.

Xatırladaq ki, iyulun 15-də "NBC News" telekanalı mənbələrə istinadən ABŞ-nin İrana qarşı əməliyyata ümumilikdə 80-100 milyard dollar xərcləyə biləcəyini yazmışdı. Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru Rassel Vout isə iyunun 30-da əməliyyatın həmin tarixədək təxminən 30 milyard dollara başa gəldiyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan memorandum imzalansa da, ABŞ iyulun 8-nə keçən gecə İranın Hörmüz boğazı ilə bağlı öhdəlikləri pozduğunu əsas gətirərək genişmiqyaslı zərbələri yenidən bərpa edib.