BAKI, 16 iyul. TELEQRAF

Ermənistan hökuməti "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişini Konstitusiya Məhkəməsinə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Konstitusiya Məhkəməsi beynəlxalq müqavilədə təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğun olduğuna qərar verərsə, saziş ratifikasiya üçün parlamentə göndəriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və ABŞ Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarını və infrastrukturunu inkişaf etdirməyi, qlobal və regional ticarəti təşviq etməyi, eləcə də regionda bərqərar olmuş sülhü möhkəmləndirməyi hədəfləyirlər.

O, Ermənistan və ABŞ arasında TRIPP sazişinin ratifikasiyası prosesinə başladıqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına, o cümlədən sərhəd nəzarəti məsələsinə tam hörmətlə həyata keçirilir: "Layihənin tam həyata keçirilməsi üçün tərəflər daha iki sənəd – səhmdarlar arasında sazişi və layihənin inkişafı üzrə şirkətin nizamnaməsini də imzalamalıdır. Layihənin həyata keçirilməsi üçün müəyyən edilmiş 49 illik müddət bitdikdən sonra tərəflər onu eyni müddətə uzada bilərlər. Bu halda, Ermənistanın şirkətdəki payı 26%-dən 49%-ə qədər artacaq".