BAKI, 16 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın iyulun 16-da amerikalılara televiziya müraciəti zamanı Çinin ABŞ seçkilərinə müdaxilə etdiyi ilə bağlı iddialar səsləndirəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp çıxışında Çin tərəfinin ABŞ-də seçicilərlə bağlı məlumatlara icazəsiz çıxış əldə etdiyini iddia edəcək. Həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu barədə məlumatlı olduğu, lakin Trampın ilk prezidentlik dövründə həmin məlumatları ona təqdim etmədiyi barədə fikirlər səsləndirəcəyi bildirilir.
Telekanalın məlumatında söhbətin ABŞ-də hansı seçkilərdən getdiyi dəqiqləşdirilmir.
CBS-in xəbərinə münasibət bildirən Ağ Evin mətbuat katibi Karolayn Livitt bildirib ki, anonim mənbələr prezidentin çıxışında nə deyəcəyi barədə fərziyyələr irəli sürürlər.
"Əslində, prezident Trampın bu axşam nə deyəcəyini hələ heç kim bilmir", - deyə Livitt vurğulayıb.
Xatırladaq ki, Tramp daha əvvəl iyulun 16-da axşam saatlarında televiziya ilə xalqa müraciət edəcəyini açıqlasa da, çıxışının mövzusunu açıqlamamışdı. Axios portalı müraciətdə ABŞ-İran qarşıdurmasına da toxunulacağını yazıb. MS Now telekanalı isə çıxışın əsas mövzularından birinin 2020-ci il ABŞ seçkilərinə xarici müdaxilə iddiaları olacağını bildirib.