BAKI, 16 iyul. TELEQRAF
ABŞ administrasiyası bəzi “yaşıl kart” (Green Card) müraciətçilərindən təxminən 100 min dollar məbləğində girov tələb etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, girovun məbləği konkret hallardan asılı olaraq dəyişə bilər. Belə ki, bəzi müraciətçilərdən 100 min dollardan az, digərlərindən isə daha çox vəsait tələb oluna bilər.
Nəşrin yazdığına görə, ABŞ Dövlət Departamenti bu təşəbbüsü ilkin mərhələdə məhdud sayda ölkədə sınaqdan keçirməyi təklif edib. Həmin ölkələrin adları açıqlanmayıb.
Mənbələrin bildirdiyinə əsasən, girov ABŞ üçün maliyyə təminatı rolunu oynayacaq. Məqsəd ölkəyə köçdükdən sonra özünü maddi cəhətdən təmin edə bilməyən şəxslərlə bağlı riskləri azaltmaqdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Prezident Donald Tramp ölkəyə immiqrasiya etmək istəyən şəxslərin maliyyə baxımından müstəqil olmasının vacibliyini dəfələrlə vurğulayıb.
Təklif olunan qaydalara əsasən, ABŞ-nin xaricdəki konsulluqları vasitəsilə “yaşıl kart” üçün müraciət edən şəxslər girov ödəməli olacaqlar. Onlar bu vəsaiti yalnız ABŞ vətəndaşlığını aldıqdan sonra geri qaytara biləcəklər. Qəzet qeyd edir ki, vətəndaşlıq alma prosesi adətən ən azı beş il çəkir.
Qeyd edək ki, “yaşıl kart” ABŞ-də daimi yaşamaq və işləmək hüququ verən rəsmi sənəddir.