BAKI, 16 iyul. TELEQRAF
"Bu günkü görüşümüzdə müharibəyə son qoymaq üçün hərtərəfli danışıqları müzakirə etdik. Son zamanlar artan hücumlardan narahatıq. Danışıqlar masasına tez bir zamanda qayıtmağın vacib olduğuna inanırıq".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, NATO Zirvə görüşündə müttəfiqlər tərəfindən Ukraynanı dəstəkləməyə davam etmək üçün güclü mesajlar verilib:
"Türkiyə müharibənin ilk günündən bəri Ukraynaya həm hərbi, həm də siyasi dəstək verir. Prezidentimizin NATO-da qeyd etdiyi kimi, Türkiyə Ukrayna üçün prioritet ehtiyaclar siyahısına töhfə verməyə davam edəcək. Türkiyə müharibənin əvvəlindən bəri hər iki tərəflə birbaşa əlaqə saxlayıb. Keçən ay Moskvaya səfərim zamanı müharibənin mümkün qədər tez və dinc yolla bitməsi üçün təkliflərimizi bir daha çatdırdıq.
Həmçinin onların fikirlərini eşitmək imkanı əldə etdik. Qarşıdakı dövrdə danışıqlara yenidən ev sahibliyi etmək üçün birbaşa diplomatik səylərimizi artırmağa davam edəcəyik. Münaqişənin yayılma riski ciddi bir təhdid olaraq qalır. Qara dənizdə sülhün qorunması vacibdir. Müharibə Qara dənizə gətirilməməlidir. Mülki əhalinin həyatını təhlükəyə atmaq qəbuledilməzdir".